Corc Buş (oğul) | (GEORGE W.BUSH)

1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-ın ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə bir də yalnız 176 il sonra 2000- ci il seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-ın 41-ci prezidenti C.Buşun oğludur. Artıq qeyd etdiyimiz kimi, hər bir amerikalı so­sial vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq prezidentlik iddiasında ola və bu istəyini gerçəkləşdirə bilər. (Şübhəsiz ki, konstitusiyanın verdiyi imkanlar çərçivəsində). Bu baxımdan C.Buşun (oğul) pre­zident seçilməsi təbii qarşılanmalıdır.

Corc Buş (oğul)

Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub. Onun rəsmi bioqrafiyasında konkret harada anadan ol­duğu öz əksini tapmır. Texasda olduqca populyar olan Buşu texaslılar «yüz faiz özününkü» hesab edirlər. Lakin jurnalistlərin «Cənab Buş harada anadan olub?» sualına administrasiya əməkdaşı Maykl Couns «Təəssüf ki, Kon- nektikutda, amma iki-üç yaşlarından valideynlərilə birgə Texasa köçüb və tamamilə texaslı ruhunda böyüyüb» ca­vabını verib. Orta təhsilini Midlend və Hyustonda alaraq, Yel Universitetinə daxil olur və oranı bakalavr dərəcəsində bitirir. Harvard Universiteti nəzdində Biznes Məktəbində oxuyaraq magistr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə getmiş və Texas Milli Qvardiyasının HHQ- də F-102 təyyarəsində pilot kimi qulluq etmişdir.

Əmək fəaliyyətinə 1975-ci ildə, Midlenddəki neft-qaz sənaye şəbəkəsində başlamış və 1986-cı ilə qədər bu sahədə çalışmışdır. 1988-ci il prezident seçkilərində, atasının seç- kiönü kompaniyasında fəal iştirak edir. Növbəti il bir neçə şəriki ilə birgə «Teksas Reyncers» beysbol komandasını alır. Beş il müddətində klub rəhbərliyində aparıcı vəzifələr tutmuşdur.

1994-cü il noyabrın 8-də keçirilən ştat qubernatoru seçkilərində iştirak edir və 53,5 % səs toplayaraq quber­nator seçilir. 1998-ci ildə təkrar seçkilərdə 68,6 % səs top­layaraq tarixi qələbə qazanır və Texas tarixində iki ardıcıl dördillik müddətə qubernator seçilən ilk şəxs olur.

2000-ci ildə keçirilən prezident seçkilərində respubli­kaçılar partiyasının namizədi olur. Gərgin keçən seçkilərdə, Buş demokratların namizədi, Klintonun prezidentliyi ərəfəsində vitse-prezident vəzifəsini tutmuş Albert Qora ki­çik üstünlüklə qalib gələrək prezident seçilir.

Xanımı Lora Buş keçmişdə kitabxanaçı və müəllimə işləyib. Buşların Barbara və Cenni adlı əkiz qızları var.

Ağ Evə gedən yolda atasının rolu az olmasına baxmaya­raq, istər seçki kompaniyasının təşkilində, istərsə də forma­laşdırdığı kabinetdə vaxtilə atasının komandasında təmsil olunanlar üstünlük təşkil edib (Dik Çeyni, Kollin Pauell, Kondoliza Rays və s.).

11 sentyabr 2001-ci il hadisələri nəticəsində 3 min in­san həlak olur. ABŞ xüsusi xidmət orqanlarının verdiyi məlumatlara görə terror aktlarının təşkilatçısı səudiyyəli milyoner Usəma Ben Laden Əfqanıstanda gizlənir və ABŞ administrasiyası taliban hərəkatından onun təhvil verilməsini tələb edir. Onların rədd cavabına Buş belə re­aksiya verir: «Biz onları yuvalarından dartıb çıxaracaq… və ədalət məhkəməsi qarşısında mühakimə edəcəyik». ABŞ administrasiyasının diplomatik səyləri və hərbi əməliyyatlar aparmaq üçün geniş koalisiya yaradılır. 2001­ci il milad bayramı ərəfəsində NATO koalisiyası və «Şimal alyansı» adlı mücahidlər qrupunun birgə əməliyyatlarından sonra Əfqanıstan üzərində tam nəzarət yaradılaraq milli vəhdət hökuməti qurulur, talibanın əsas hərbi birləşmələri isə məhv edilir.

2003-cü ildə Səddam Hüseyn rejimini Əl-Qaidə ilə əlaqədə və kütləvi qırğın silahlarını BMT ekspertlərindən gizlətməkdə ittiham edən Buş İraqa hərbi müdaxilənin zəruriliyini bildirir. Lakin bu, Əfqanıstanda olduğu kimi heç də çoxsaylı dövlətlər tərəfindən dəstəklənmir. Buna bax­mayaraq İraqa hərbi müdaxilə başlamış, Səddam Hüseyn rejiminə son qoyulmuşdur. Lakin hələ də İraq ərazisində sabitlik tam bərpa olunmayıb və vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Nəticədə Buş administrasiyası həm daxildə, həm də xaricdə ciddi tənqid olunmuşdur.

Tənqidlərə baxmayaraq 2004-cü il 2 noyabrda keçirilən seçkilərdə Buş, demokratların namizədi Con Kerriyə qalib gələrək ikinci dəfə prezident seçilir.

Prezident seçildikdən sonra Buşlar haqqında maraq­lı informasiya yayılmışdır. Aristokrat soyadlarının nəsil şəcərəsini araşdıran ingilis nəşriyyatı «Berkez Pikçers» id­dia edir ki, Buşlar qədim kral nəslindəndir. Onlar rus impe­rator soyadı və Britaniya kral ailəsi ilə qohumluq əlaqələrinə malikdirlər. Digər tərəfdən müəyyənləşdirilib ki, Buş bir­başa Plantagentlər sülaləsindən olan Henrixin nəslindəndir. Lakin bu informasiya rəsmi təsdiqini tapmayıb.

Ümumilikdə Buşun prezidentliyi birqiymətli dəyərlən­dirilmir. Bu özünü aparılan sorğularda da göstərir. 11 sent­yabr hadisələrindən sonra reytinqi 90 %-ə çatdırdısa, 2007­ci ilin sonunda bu göstərici 24 % olmuşdur. Buşun prezi­dentliyi tam obyektiv qiymətini yəqin ki, yaxın gələcəkdə alacaq.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh